Şalva Papuaşvili – ABŞ-ın yeni administrasiyasının Gürcüstanın nazirlər görüşündə iştirakında maraqlı olması vacibdir. Radikallaşmanın və terrorun siyasətdə nə demək olduğu barədə danışacağımız çox şey var
“Ümumilikdə bu, siyasi terrorizmə həsr olunmuş mühüm konfransdır. Radikallaşmanın, ekstremizmin və siyasətdə terrorun nə demək olduğu barədə danışacağımız çox şey var”, – bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşviliyə Vaşinqtonda keçirilən “Siyasi terrorizmin yenidən fəallaşması haqqında” nazirlər görüşündə ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin də iştirak etməsinin hansı mesajı verdiyi barədə sual ünvanlanıb.
“Bu gün zorakılıq, radikallaşma və terror həddinə çatan ekstremizm xarici müdaxilə aləti kimi istifadə olunur. Məqsəd cəmiyyətin ayrı-ayrı qruplarını radikallaşdırmaq, daha sonra onları hakimiyyətə və dövlətə qarşı yönləndirmək, beləliklə də xarici qüvvələrin başqa ölkədə öz gündəliklərini həyata keçirməsinə şərait yaratmaqdır.
Yeri gəlmişkən, gördük ki, Gürcüstanda da bu məqsədlə vəsait xərclənirdi – çevriliş, inqilab və radikallaşma ssenarilərinin hazırlanması, radikal etiraz üsullarının öyrədilməsi üçün. Bunun nəticəsi olaraq Prezident Sarayını ələ keçirməyə, parlamenti yandırmağa və digər bu kimi zorakı hərəkətlərə cəhd edildi. Bu, siyasi terrorizmin nəyə gətirib çıxardığını açıq şəkildə göstərir. Buna görə də Gürcüstanın bu konfransda öz mövqeyi olacaq. ABŞ-ın yeni administrasiyasının Gürcüstanın iştirakında və fikirlərimizi dinləməkdə maraqlı olması mühüm əhəmiyyət daşıyır”, – deyə Papuaşvili bildirib.
Hazırda Vaşinqtonda “Siyasi terrorizmin yenidən fəallaşması haqqında” nazirlər görüşü keçirilir. Tədbirdə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili də çıxış edir.