Sakstat – mart ayında Gürcüstanda tikinti işləri illik müqayisədə 2,0 faiz bahalaşıb
Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin mart ayında tikinti dəyəri indeksi əvvəlki ayla müqayisədə 1,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,0 faiz artıb.
Sakstatın məlumatına əsasən, yaşayış seqmentinin indeksi əvvəlki ayla müqayisədə 0,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,2 faiz artıb. Qeyri-yaşayış seqmentinin indeksi əvvəlki ayla müqayisədə 2,1 faiz, illik müqayisədə isə 3,2 faiz yüksəlib. Mülki tikinti seqmentinin indeksi isə əvvəlki ayla müqayisədə 3,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artıb.
Bununla yanaşı, qurumun hesabatında qeyd olunur ki, 2026-cı ilin mart ayında tikinti dəyəri indeksinin əvvəlki ayla müqayisədə 1,9 faiz artması əsasən nəqliyyat, yanacaq və elektrik enerjisi xərcləri kateqoriyasının 7,7 faiz yüksəlməsi ilə bağlı olub. Bu amil ümumi indeks dəyişiminə 0,94 faiz bəndi təsir göstərib.
“Hesabat dövründə tikinti dəyəri indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə 2,0 faiz artıb. İndeksdəki artım əsasən tikinti sektorunda muzdla çalışanların orta aylıq nominal əməkhaqqının 2,7 faiz yüksəlməsi və nəqliyyat, yanacaq və elektrik enerjisi xərcləri kateqoriyasının 4,3 faiz artması ilə əlaqədar olub. Bu göstəricilər ümumi indeks dəyişiminə müvafiq olaraq 1,35 və 0,62 faiz bəndi təsir edib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti dəyəri indeksi 26,0 faiz artıb”, – deyə Sakstatın hesabatında bildirilir.