Sakstat: Aprel ayında ən çox – 21,3 faizlə balıq məhsulları bahalaşıb
Milli Statistika Xidmətinin məlumatına görə, illik inflyasiyanın formalaşmasına əsas təsiri ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymət dəyişiklikləri göstərib. Bu qrupda qiymətlər 7,5 faiz artıb və bu, illik inflyasiyaya 2,58 faiz bəndi təsir edib. Balıq məhsulları 21,3 faiz bahalaşıb, meyvə və üzüm 11,8 faiz, ət və ət məhsulları isə 10,1 faiz artıb. Tərəvəz və bostan məhsullarının qiyməti 9,3 faiz yüksəlib. Çörək və çörək məhsulları 7,7 faiz, şəkər, cem və digər şirniyyatlar 7,3 faiz, yağ və piylər 6,3 faiz, süd, pendir və yumurta isə 4,5 faiz bahalaşıb. Qəhvə, çay və kakao 3,2 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr isə 0,8 faiz artıb.
Nəqliyyat qrupunda qiymətlər 10,3 faiz artıb ki, bu da illik inflyasiyaya 1,2 faiz bəndi təsir edib. Fərdi nəqliyyat vasitələrinin istismarı 15,1 faiz, nəqliyyat xidmətləri isə 9,2 faiz bahalaşıb.
Mənzil, su, elektrik enerjisi və qaz qrupunda qiymətlər 6,5 faiz artıb və bu, ümumi indeksə 0,62 faiz bəndi təsir göstərib. Bu qrupda elektrik enerjisi, qaz və digər yanacaq növləri 10,2 faiz, mənzilin cari saxlanılması və təmiri 4,3 faiz, faktiki kirayə haqqı isə 3,5 faiz artıb.
Müxtəlif mallar və xidmətlər qrupunda qiymətlər 9,0 faiz artıb ki, bu da ümumi indeksə 0,45 faiz bəndi təsir edib. Artım əsasən şəxsi əşyalar (digər kateqoriyalara daxil olmayan) üzrə 49,6 faiz, sığorta üzrə 8,5 faiz və şəxsi gigiyena üzrə 4,6 faiz təşkil edib.