Saksoniya polisi Görlits yaxınlığında, Qrauştayın yarımstansiyasının ərazisində, yüksək gərginlikli elektrikötürücü xətlərin yaxınlığında daha doqquz kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlayıb
Saksoniya polisi Görlits yaxınlığında, Qrauştayn yarımstansiyasının ərazisində, yüksək gərginlikli elektrikötürücü xətlərin yaxınlığında daha doqquz kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlayıb. Bununla da regionda aşkarlanan bu tip qurğuların ümumi sayı 21-ə çatıb.
İstintaqın məlumatına görə, qurğular enerji infrastrukturuna hücum məqsədilə hazırlanıb. Araşdırmanı Saksoniya Cinayət Polisi İdarəsi və Federal Prokurorluq aparır. Hücumların ehtimal olunan təşkilatçısı, 28 yaşlı Daniel V. isə hələ də axtarışdadır.
Bundan əvvəl məlum olub ki, sentyabrın 7-nə keçən gecə Berlində, Mitte rayonunda tikinti meydançasında başlayan yanğın elektrik yarımstansiyasına keçib. Yarımstansiyada bir neçə yanğın ocağı yaranıb və bir neçə partlayış baş verib. Hadisənin dəqiq səbəbləri hələ müəyyənləşdirilir.
Bundan əvvəl, Şimali Reyn-Vestfaliya federal torpağının Vezzel şəhərində polis “RWE” şirkətinə məxsus yarımstansiyanın hasarında dəlik aşkar edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkə üzrə bu cür obyektlərin patrul xidməti gücləndirilib.
Sentyabrın 1-dən etibarən Almaniyanın bir sıra şəhərlərində oxşar insidentlər baş verib. Ölkənin Daxili İşlər Nazirliyində hesab edirlər ki, bütün bu hadisələr, ehtimal ki, sözdə iqlim ekstremizmi ilə əlaqəli ola bilər.