Sahibə Qafarova Şalva Papuaşviliyə Müstəqillik Günü münasibətilə təbrik ünvanladı – Parlamentlərimiz arasında çoxşaxəli münasibətlər və səmimi tərəfdaşlıq daha da möhkəmlənəcək və genişlənəcək
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın Müstəqillik Günü münasibətilə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə təbrik məktubu göndərib və gələcək əməkdaşlığın dərinləşdirilməsi barədə fikirlərini bölüşüb.
Gürcüstan Parlamentinin məlumatına görə, Sahibə Qafarova məktubunda qeyd edir ki, Gürcüstan və Azərbaycanın ali qanunverici orqanları arasında çoxşaxəli münasibətlərin və səmimi tərəfdaşlığın daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidlidir.
“Hörmətli cənab sədr, şəxsən öz adımdan və Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri adından sizi, parlamentin bütün üzvlərini və dost Gürcüstan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Xalqlarımızın əsrlərlə davam edən xoş qonşuluq şəraitində birgə yaşaması fonunda, parlamentlərarası mövcud sıx və strateji əməkdaşlıq mənə xüsusi qürur hissi verir. Gürcüstan və Azərbaycan arasında davam edən fəal dialoq və müxtəlif səviyyələrdə əldə olunan səmərəli əməkdaşlıqla yanaşı, nümayəndə heyətlərimiz beynəlxalq arenada da uğurla fəaliyyət göstərir və mühüm məsələlər ətrafında qarşılıqlı dəstəklə seçilirlər.
Əminəm ki, Gürcüstan və Azərbaycanın ali qanunverici orqanları arasında çoxşaxəli münasibətlər və səmimi tərəfdaşlıq hər iki ölkə və xalqın rifahı naminə daha da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar, dost gürcü xalqına isə daimi sülh və tərəqqi arzulayıram,” – deyə Sahibə Qafarovanın məktubunda qeyd olunur.