Saburtalo rayonunda, “City Mall”un yaxınlığında nəqliyyatın hərəkəti üçün yeni sxem hazırlanıb

13:51, 30.07.2026

Saburtalo rayonunda, “City Mall” ticarət mərkəzinin yaxınlığında mövcud olan mürəkkəb yol vəziyyəti ilə əlaqədar nəqliyyatın hərəkəti üçün yeni sxem hazırlanıb.

Məlumatı Tbilisi meriyasının Nəqliyyat və Şəhər İnkişafı Agentliyi yayıb.

Agentliyin məlumatına görə, sözügedən mürəkkəb yol qovşağında həm şəxsi avtomobillərin, həm də ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranırdı. Xüsusilə 18 metrlik avtobusların avtomobillərin yaratdığı sıxlıqda manevr etməsi çətinləşirdi ki, bu da sərnişinlər arasında narazılığa səbəb olurdu.

Nəqliyyat və Şəhər İnkişafı Agentliyindən bildirilib ki, dəyişikliklər nəqliyyat axınlarının yenidən təşkili, xaotik hərəkətin azaldılması və yol təhlükəsizliyinin artırılması məqsədilə planlaşdırılıb. Məqsəd sürücülərin hərəkət zamanı bir-birinə mane olmaması və müxtəlif istiqamətlər üzrə daha düzgün bölüşdürülməsidir.

“Kommunal nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə Təhvildizadə küçəsindən Vaja-Pşavela prospektinə avtobus zolağı əlavə olunacaq. Lakin heç bir istiqamətdə avtomobil zolaqlarının sayı dəyişməyəcək. Həmçinin, Qavtaradze küçəsində buraxılış qabiliyyətini artırmaq üçün əlavə avtomobil zolağı yaradılacaq. Kazbegi prospektində isə yol hərəkəti dəyişməz qalacaq.

Qeyd edirik ki, nəqliyyat qovşağının mürəkkəbliyi nəzərə alınaraq, proses yalnız yol nişanlarının çəkilməsi ilə başa çatmır. Yeni hərəkət sxeminin monitorinqi intensiv şəkildə davam etdiriləcək”, – deyə məlumatda bildirilib.

Oxşar