Sabiq Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati-ərazi vahidinin administrasiyası ləğv edilir
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına əsasən, sabiq Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati-ərazi vahidinin administrasiyası ləğv edilir.
O, hökumətlə məsləhətləşmə nəticəsində bir neçə qanunvericilik təşəbbüsünün işlənilib hazırlandığını və parlamentin bürosunun bugünkü iclasında irəli sürüləcəyini bildirib. Papuaşvilinin məlumatına əsasən, Gürcüstan Parlamenti ilin sonuna qədər dəyişiklikləri qəbul etməyi planlaşdırır.
“İctimaiyyətə xatırlatmaq istəyirəm ki, 2006-cı ilin noyabrında “Milli Hərəkat” hakimiyyətinin təşkilatçılığı ilə Sxinvali bölgəsində qeyri-konstitusion seçkilər keçirildi, seçkilər nəticəsində də qondarma Cənubi Osetiya prezidenti elan olundu və qondarma Cənubi Osetiya alternativ hökuməti formalaşdı. Bu addımla o vaxtkı hakimiyyət separatçı proseslərə dolayı yolla legitimlik verdi, bu isə Gürcüstanın dövlət maraqlarına açıq-aşkar və ciddi xəyanət idi.
Bir neçə aydan sonra, 2007-ci ilin iyununda eyni qeyri-konstitusion “alternativ hökumət”in bazasında əsası qoyulan yenidən konstitusiyanın pozulması ilə “Müvəqqəti inzibati-ərazi vahidi administrasiyası” yaradıldı. Bu qərarla süni şəkildə 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya Muxtar Vilayətinin inzibati sərhədləri bərpa edildi, bu isə sonradan 2008-ci ilin rus hərbi təcavüzü və Gürcüstanın tarixi bölgəsi – Samaçablonun işğalı üçün şərait yaradıcı hallardan birinə çevrildi.
Bugünkü baxış bucağından aydındır ki, qeyd olunan qərarlar Gürcüstana “qurban ediləsi piyada” rolunun həvalə edildiyi xarici qüvvələrin geosiyasi oyununun bir hissəsi idi. Saakaşvilinin əli ilə həyata keçirilən siyasət bölgədə vəziyyətin eskalasiyasına səbəb oldu və nəticədə ölkəni müharibəyə qədər apardı.
Bu fonda, Gürcüstan Parlamentinin üzvləri qeyd olunan qərarı Gürcüstanın milli maraqlarına kobud xəyanət kimi qiymətləndirdilər, bu isə “Milli Hərəkat”ın qeyri-konstitusion elan edilməsini tələb edən konstitusiya iddiasında öz əksini tapıb. Vurğulayaraq deyilməlidir ki, Gürcüstanın illərdir tanınmama siyasətini gücləndirmək üçün çalışması fonunda, “Milli Hərəkat” rejimi tərəfindən “Cənubi Osetiya” termininin hətta dolayı yolla istifadəsi belə konstitusiyaya və milli maraqlara xəyanət idi. Gürcü hüquqi və ya siyasi məkanında heç bir “Cənubi Osetiya” mövcud deyil.
Müvafiq olaraq, hökumətlə məsləhətləşmə nəticəsində “sabiq Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati-ərazi vahidinin administrasiyası”nı ləğv etmək haqda qərar qəbul etdik.
Buradaca, vurğulanmalıdır ki, 2006-cı ildə konstitusiyaya tam əməl olunmaqla seçilmiş Axalqori, Kurti, Tiğvi və Eredvi munisipalitetləri fəaliyyətini davam etdirirlər. Bu munisipalitetlər Sxinvali bölgəsində yeganə olaraq legitim şəkildə seçilmiş və fəaliyyət göstərən hakimiyyət orqanlarıdır və bununla, Gürcüstanın hüquqi və konstitusiya çərçivəsinin yeganə qanuni davamıdır” – Papuaşvili bildirib.