Rüşvət vermə, rüşvət almağa kömək etmək və külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə Qriqol Liluaşvilinin qohumu Andria Liluaşvili 12 il müddətinə həbs cəzasına məhkum edilib
Prokurorluq tərəfindən təqdim olunmuş sübutlar əsasında rüşvət vermə, rüşvət almağa kömək etmək və xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə təqsirləndirilən Andria Liluaşviliyə məhkəmə tərəfindən 12 il müddətinə həbs cəzası kəsilib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayır.
Qurumun məlumatına əsasən, məhkəmə prosesində araşdırılan sübutlarla Andria Liluaşvilinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan qohumu vasitəsilə havadarlıq etdiyi fırıldaqçı zəng-mərkəzlərinin cinayətkar fəaliyyətində iştirak etdiyi və bunun müqabilində isə Qriqol Liluaşvilinin hər ay yüklü miqdarda mənfəət əldə etdiyi təsdiqlənib.
“2021–2022-ci illərdə fırıldaqçı zəng-mərkəzlərinə etdiyi havadarlıq müqabilində Qriqol Liluaşvili Andria Liluaşvilinin vasitəsilə rüşvət şəklində 1 365 000 ABŞ dolları alıb.
Məhkəmənin qərarı ilə həmçinin müəyyən edilib ki, pulların yuyulması məqsədilə fırıldaqçı zəng-mərkəzlərinin fəaliyyətindən əldə olunmuş qanunsuz gəlir, eləcə də mənşəyi əsaslandırılmayan vəsaitlər Andria Liluaşvili tərəfindən həm şəxsən, həm də onunla əlaqəli şəxslər vasitəsilə müxtəlif bank hesablarına yerləşdirilib, onunla bağlı olan şirkətlərə investisiya qoyulub və çoxsaylı maliyyə əməliyyatları vasitəsilə qanunsuz gəlir Gürcüstanda və xaricdə daşınar və daşınmaz əmlakın alınmasına yönəldilib.
Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə Andria Liluaşvili rüşvət vermə, rüşvət almağa kömək etmək və xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə təqsirli bilinib və cəza tədbiri olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Dövlətin xeyrinə onun cinayət yolu ilə əldə etdiyi, eləcə də buna ekvivalent olan daşınar və daşınmaz əmlakı, xüsusilə: təxminən 35 milyon lari dəyərində 70 ədəd daşınmaz əmlak, 17 ədəd nəqliyyat vasitəsi, 125 ədəd qiymətli əşya və rəsm əsəri, həmçinin bank hesablarında yerləşdirilən vəsaitlər müsadirə olunub” — Prokurorluğun yaydığı məlumatda deyilir.