Rustavini Tbilisiyə birləşdirən avtomobil yolunda sahilbərkitmə və yol işləri başa çatıb
Ortacalada Rustavini Tbilisiyə birləşdirən avtomobil yolunda sahilbərkitmə və yol işləri başa çatıb. Bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin iclasında deyib.
O, işlərin beş ay ərzində fasiləsiz rejimdə aparıldığını bildirib.
“Cari ilin mart ayının əvvəlində Mtkvari (Kür) çayının sahilbərkitmə bəndinin zədələndiyi, hərəkət hissəsində və səkidə çatların əmələ gəldiyi Ortacalada Rustavini Tbilisiyə birləşdirən avtomobil yolunda sahilbərkitmə və yol işləri başa çatıb. Problem aşkar olunan kimi dərhal bütün zəruri tədbirləri gördük. Təhlükənin qarşısını almaq məqsədilə sözügedən hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıldı və təcili qaydada bərpa işlərinə başlanıldı” – Kaxa Kaladze bildirib.
Onun sözlərinə əsasən, görülən infrastruktur işləri nəticəsində Rustavini Tbilisiyə birləşdirən avtomobil yolunda hərəkət tamamilə təhlükəsizdir.
“Layihə çərçivəsində Mtkvari (Kür) çayının sahilbərkitmə işləri aparılıb, svay divarı quraşdırılıb, qoruyucu məhəccərlər bərpa olunub, hərəkət hissəsinin zədələnmiş sahəsində isə yol işləri aparılıb. Asfalt örtüyü döşənib və avtomobil yolu xətlənib. Hazırda həmin hissədə nəqliyyatın hərəkəti tam bərpa edilib” – Kaxa Kaladze bildirib.
Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti işləri həyata keçirib.