Rustavi şəhərində məcburi köçkün ailələr üçün yaşayış kompleksi tikilir
Rustavi şəhərində məcburi köçkün ailələr üçün yaşayış kompleksi tikilir

Rustavi şəhərində məcburi köçkün ailələrin yerləşdirilməsi məqsədilə müasir standartlara uyğun yaşayış kompleksinin tikintisi davam edir – bu barədə məlumatı Gürcüstanın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, yeni tikilən dörd binada tam təmirli mənzillərlə 800 məcburi köçkün ailəsi təmin olunacaq.

“Layihə yaşayış kompleksinin ərazisində stadionun, uşaq əyləncə meydançasının və idman sahələrinin yaradılmasını nəzərdə tutur. Tikinti dövlət büdcəsi hesabına maliyyələşdirilir və onun dəyəri 80 971 596 lari təşkil edir.

Eyni zamanda qeyd etmək vacibdir ki, Məcburi Köçkünlərin Agentliyi bu yaşayış kompleksində yerləşmək istəyən ailələrin təqdim etdiyi ərizələrin qiymətləndirilməsini aktiv şəkildə həyata keçirir. Qanunvericiliyə uyğun olaraq hər bir ailəyə ilkin bal verilir. Qiymətləndirmə prosesi başa çatdıqdan sonra komissiya hansı bal toplayan ailələrin monitorinq mərhələsinə keçəcəyini müəyyən edəcək.

Tikinti işlərinin gedişi ilə yerində Giorgi Tsagareishvili və David Kaikatsishvili tanış olublar”, – deyə nazirliyin məlumatında bildirilir.