Rustaveli prospektinin yenidənqurulması dövründə ətraf küçələrdə parklanma ödənişsiz olacaq. Yeraltı keçidlərdə yerləşən kommersiya sahələrinin icarəçiləri isə ödənişlərdən azad ediləcək

12:31, 05.08.2026

Rustaveli prospektində aparılan genişmiqyaslı reabilitasiya işləri ilə əlaqədar olaraq, ətraf küçələrdə parklanma xidməti vətəndaşlar üçün müvəqqəti olaraq pulsuz olacaq. Bundan əlavə, həmin prospektdə yerləşən yeraltı keçidlərdəki kommersiya sahələrinin icarəçiləri də icarə haqqından azad ediləcək. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt bələdiyyəsinin bugünkü hökumət iclasında bildirib.
“Rustaveli prospektində yerləşən yeraltı keçidlərdə icarəyə verilmiş kommersiya sahələri fəaliyyət göstərir. Reabilitasiya prosesi müddətində bu şəxslər icarə haqqından azad ediləcəklər ki, bu da çox vacibdir. Söhbət Rustaveli prospektinin 37 nömrəli ünvanındakı, 1 nömrəli gimnaziyanın qarşısındakı, Opera binası yaxınlığındakı və Azadlıq meydanındakı yeraltı keçidin bir hissəsində yerləşən sahələrdən gedir”, – deyə Kaxa Kaladze bildirib.
Parklanma məsələsinə gəlincə, Mtatsminda rayonunun 28 küçəsində zonal-saatlıq parklanma sistemi müvəqqəti dayandırılıb.
“Rustaveli prospektində aparılan genişmiqyaslı reabilitasiya işləri səbəbindən ətraf küçələrdə zonal-saatlıq parklanma sistemi müvəqqəti deaktiv edilib. İşlər davam etdiyi müddətdə vətəndaşlar üçün parklanma xidməti pulsuz olacaq”, – deyə Tbilisi meri qeyd edib.
Pulsuz parklanma aşağıdakı küçələrdə tətbiq olunur: Tabukaşvili, Vaçnadze, Şenqelaya, Leonidze, Sulxan-Saba, İnqorokva, Qudiaşvili, Purtseladze, Corcadze, Çanturia, Lağidze, Mesxia, Abaşidze, Cavaxişvili, Axvlediani, Qardaşlar Kakabadzelər, Kiaçeli, Nikoloadze, Miminovşvili, Qriboyedov, Çavçavadze, Lağidze, Besiki, Jvaniya, Şevçenko, Lesya Ukrainka, Qardaşlar Zubalaşvililər və Çiçinadze küçələri.

Oxşar