Rustaveli prospektinin tam reabilitasiyasına başlanılıb
Tbilisidə Rustaveli prospektinin tam reabilitasiyasına başlanılıb. Tbilisi meriyasının məlumatına görə, layihənin ilk mərhələsində yeraltı kommunikasiya şəbəkələri yenilənəcək. Su təchizatı, kanalizasiya, yağış suları və qaz xətləri əsaslı şəkildə bərpa olunacaq. Həmçinin hava elektrik xətləri yeraltı kabel kanallarına köçürüləcək və yeraltı tullantı konteynerləri quraşdırılacaq.
İşlərin başlanğıcı ilə paytaxt merinin müavini İrakli Bendeliani meriyanın aidiyyəti qurumlarının rəhbərləri ilə birlikdə tanış olub.
İrakli Bendelianinin sözlərinə görə, Rustaveli prospektinə giriş və çıxışı təmin edən bütün küçələr artıq bağlanıb. Layihə bir neçə hissəyə bölünüb və işlərin noyabrın sonunadək başa çatdırılması planlaşdırıldığı üçün tikinti prospekt boyunca eyni vaxtda, gecə-gündüz aparılacaq.
Onun sözlərinə görə, layihə çərçivəsində yeraltı və yerüstü kommunikasiya sistemləri tamamilə yenilənəcək, əlavə yaşıllıq zolaqları salınacaq, küçə işıqlandırma şəbəkəsi müasirləşdiriləcək, yeraltı müasir tullantı konteynerləri quraşdırılacaq və nəqliyyatın hərəkəti yeni hərəkət sxemi üzrə təşkil ediləcək.
Bendeliani 24 saat davam edəcək işlərlə əlaqədar sakinlərdən yaranacaq narahatlığa görə əvvəlcədən üzr istəyib və bildirib ki, belə genişmiqyaslı layihənin nəzərdə tutulan müddətdə başa çatdırılması üçün bu iş rejimi zəruridir.
Meriyanın məlumatına əsasən, layihə çərçivəsində yeni yol infrastrukturu yaradılacaq, yolun hərəkət hissəsi və səkilər yenilənəcək, asfalt örtüyü döşənəcək. Prospektin infrastrukturu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün tam uyğunlaşdırılacaq.
Bundan əlavə, piyadaların təhlükəsizliyi və rahatlığına xüsusi diqqət yetiriləcək. Yerüstü piyada keçidləri salınacaq, yeni yol nişanları quraşdırılacaq və üfüqi yol nişanlanması yenilənəcək.
Layihənin ümumi dəyəri təxminən 50 milyon lari təşkil edir.
Reabilitasiya müddətində Rustaveli prospektində nəqliyyatın hərəkəti dörd ay ərzində məhdudlaşdırılacaq.