Rustaveli prospektinin ətrafındakı küçələrdə sentyabrın 1-dən etibarən nəqliyyatın hərəkəti üçün müvəqqəti sxem qüvvəyə minəcək

11:14, 26.08.2026

Rustaveli prospektində aparılan reabilitasiya işləri ilə əlaqədar Tbilisi şəhər bələdiyyəsi avtomobillərin hərəkəti üçün müvəqqəti sxem hazırlayıb. Yeni sxem sentyabrın 1-dən qüvvəyə minəcək.
Tbilisinin əsas prospektinin ətrafındakı küçələrdə alternativ hərəkət sxeminin əhəmiyyətindən Tbilisi meri Kaxa Kaladze bu gün yayımladığı video-müraciətdə danışıb.
Yeni sxemə əsasən, bəzi küçələrdə ikitərəfli hərəkət tətbiq olunacaq. Həmçinin Tbilisi Klassik Gimnaziyasına getmək üçün iki əsas istiqamət müəyyənləşdirilib.
Kaxa Kaladzenin sözlərinə görə, Rustaveli prospektinin reabilitasiyası hər kəsin qürur duyacağı ən yaxşı layihələrdən biri olacaq. Lakin işlər başa çatanadək şəhər sakinlərindən yaranan narahatlığa səbirli yanaşmaları xahiş olunur.
“Bir neçə gün əvvəl bu layihənin şəhərimiz üçün nə qədər vacib olduğundan danışdım. Həmçinin Rustaveli prospektinin keçmişi, bu günü və gələcəyi, yeraltı infrastruktur baxımından mövcud olan ağır vəziyyət və problemlər barədə danışdım. Təbii ki, ilk növbədə yeraltı kommunikasiyalar dəyişdirilir. Bu isə xüsusilə nəqliyyatın hərəkəti baxımından böyük narahatlıq yaradır. Bundan əlavə, ərazidə yaşayan sakinləri narahat edən səs-küy və toz da var. Lakin bu miqyasda işlərin başqa cür aparılması tamamilə mümkün deyil.
Ona görə də xahişim budur ki, noyabrın sonunadək hamımız səbir edək. İnanın ki, reabilitasiya başa çatdıqdan sonra bu, ən yaxşı layihə olacaq və görülən işlərlə hamımız fəxr edəcəyik”, – Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, müvəqqəti hərəkət sxemi barədə məlumat xüsusilə sürücülər üçün vacibdir. Buna görə də videoçarx sosial platformalarla yanaşı, televiziya vasitəsilə də yayımlanacaq ki, geniş ictimaiyyət dəyişikliklər barədə tam məlumat əldə etsin.
Müvəqqəti hərəkət sxeminə gəlincə:
Sentyabrın 1-dən Pavle İngoroğva küçəsində ikitərəfli hərəkət mümkün olacaq.
9 Aprel küçəsinin İngoroğva küçəsi ilə kəsişməsindən Zurab Jvaniya küçəsi ilə kəsişməsinə qədər olan hissəsində də ikitərəfli hərəkətə icazə veriləcək.
Jvaniya küçəsinin 9 Aprel küçəsi ilə kəsişməsindən Zakaria Çiçinadze küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət mümkün olacaq. Jvaniya küçəsinin Beşiki küçəsi ilə kəsişməsinə qədər olan hissəsində isə hərəkət birtərəfli olacaq.
Bundan əlavə, Beşiki küçəsinin Jvaniya küçəsi ilə kəsişməsindən Şevçenko küçəsi ilə kəsişməsinə qədər olan hissəsində hərəkət birtərəfli olacaq. Şevçenko küçəsində də Beşiki küçəsindən Çiçinadze küçəsi istiqamətində birtərəfli hərəkət tətbiq ediləcək.
Lermontov küçəsində hərəkət yenə birtərəfli olacaq, lakin istiqamət dəyişdiriləcək. Beləliklə, Kikodze və Maçabli küçələrindən Lermontov küçəsi ilə hərəkət edərək Şalva Dadiani küçəsinə getmək mümkün olacaq.
Tbilisi Klassik Gimnaziyasına iki əsas istiqamətdən getmək mümkün olacaq. Sürücülər Azadlıq meydanından Leonidze və İngoroğva küçələri ilə 9 Aprel küçəsinə çıxacaq, daha sonra sola dönərək Jvaniya küçəsinə keçəcək və Beşiki ilə Şevçenko küçələri istiqamətində hərəkətlərini davam etdirəcəklər.
Digər istiqamətdə isə Çonkadze və Polikarp Kəkabadze küçələrindən Mtatsminda küçəsinə, oradan da Arsena küçəsi ilə Beşiki və Şevçenko küçələrinə getmək mümkün olacaq.
Şevçenko küçəsindən sola dönərək geri qayıtmaq Jvaniya, 9 Aprel və İngoroğva küçələri vasitəsilə mümkün olacaq. Buradan sürücülər Leonidze və Kikodze küçələri ilə Lermontov və Dadiani küçələrinə, həmçinin Azadlıq meydanına çıxa biləcəklər.
Mtatsminda ərazisinin yuxarı küçələrinə isə 9 Aprel küçəsindən Arsena küçəsi vasitəsilə getmək mümkün olacaq.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayıb.

Oxşar