Rustaveli prospektinin bərpa işləri iyulun 23-ü saat 00:00-da başlayacaq, prospektdə və Merab Kostava küçəsinin bir hissəsində bütün növ nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Rustaveli prospektinin bərpa işləri iyulun 23-ü saat 00:00-da başlayacaq, prospektdə və Merab Kostava küçəsinin bir hissəsində bütün növ nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq – bu barədə Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
O, şirkətlər tenderdə iştirak etmədiyi üçün indiyə qədər qeyd olunan bərpa işlərinə başlamağın mümkün olmadığını deyib.
“Rustaveli prospektinin tam bərpası layihəsinin başlaması müəyyən səbəblərdən uzandı. Tender bir neçə dəfə elan olundu, lakin baş tutmadı. Şirkətlər iştirak etmədilər. Rustaveli prospekti həm vizual, həm də tarixi baxımdan paytaxtımızın vizit kartıdır. Bır sıra sevinc, qələbə, ağrı və ya hüzn görmüş prospekt mütləq elə səliqəli və müasir olmalıdır ki, ölkəmizə gələn qonaqlar və yerli əhali qürur hissi keçirsin” – Kaxa Kaladze bildirib.
O, işlərin iyulun 23-ü saat 00:00-da başlayacağını və həmin vaxtdan etibarən Rustaveli prospektində və Merab Kostava küçəsinin bir hissəsində bütün növ avtonəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağını deyib.
“Bərpa aparılacaq ərazi Tamar Covelidze küçəsindən Azadlıq meydanına qədər olan ərazini, ümumilikdə iki kilometrə yaxın yolun hərəkət hissəsini əhatə edir. Layihənin birinci mərhələsində yeraltı kommunikasiya şəbəkələrinin yenilənməsi həyata keçiriləcək – su təchizatı, kanalizasiya, yağış suları axıtma və qaz təchizatının mərkəzi sistemləri dəyişdiriləcək. Həmçinin, hava naqilləri yeraltı kabel kanallarında yerləşdiriləcək. Yeraltı tullantı toplama qutuları da quraşdırılacaq. Bununla yanaşı, müasir yol infrastrukturu qurulacaq, yolun hərəkət hissəsi və səki yenilənəcək, asfalt örtüyü salınacaq. Küçə işıqlandırma şəbəkəsi tamamilə dəyişdiriləcək və müasir LED işıqlandırma sistemi quraşdırılacaq” – Kaxa Kaladze qeyd edib.
Tbilisinin meri layihənin mühüm hissəsinin yaşıllaşdırmaya həsr olunacağını bildirib.
“Mövcud yaşıl sahələr yenilənəcək, ağac və bitkilər əkiləcək, bu da Rustaveli prospektini daha cəlbedici və ekoloji cəhətdən yaxşılaşdırılmış mühitə çevirəcək. Piyadaların təhlükəsizliyinə və rahatlığına xüsusi diqqət yetiriləcək – yerüstü piyada keçidləri təşkil olunacaq, yol nişanları quraşdırılacaq və üfüqi xətlər çəkiləcək. Prospektin infrastrukturu məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılacaq” – Kaxa Kaladze qeyd edib.
Onun sözlərinə əsasən, Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti tərəfindən həyata keçiriləcək işlər noyabrın sonunda başa çatacaq.