Rusiyanın Uzaq Şərqində 8.8 bal gücündə zəlzələ baş verib, Rusiyada, Yaponiya və ABŞ-da sunami ilə bağlı xəbərdarlıq yayılıb
Rusiyanın Uzaq Şərqində güclü zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 8.8 bal olub.
ABŞ-nin Geoloji Xidməti, təbii fəlakətin episentrinin Petropavlovsk-Kamçatskidən 126 kilometr aralıda, 18 kilometr dərinlikdə yerləşməsi haqda məlumat verir.
Güclü zəlzələyə görə Rusiyada, eləcə də Yaponiya və ABŞ-da sunami ilə bağlı xəbərdarlıq edilib.
Kamçatkanın bir hissəsində sunaminin hündürlüyü 3-4 metrə çatıb.
Zəlzələ nəticəsində xəsarət alanlar var. Həmçinin, bir neçə tikiliyə ziyan dəyib.
Sunami Kuril adalarını da vurub. Nəticədə 2 000 əhalisi olan Severo-Kurilsk şəhərini su basıb.
Yaponiyada gözlənilən təbii fəlakətlə bağlı Hokkaydo adasından Kyuşuya qədər sahil bölgələrində xəbərdarlıq yayıblar. Yaponiya hakimiyyəti əhalini təcili təxliyəyə çağırıb.
İlk sunami dalğası Hokkaydonun Nemuro liman şəhərini artıq vurub və onun hündürlüyü 30 sm olub. Xəsarət alanlar barədə məlumat yayılmayıb.
ABŞ-nin bütün qərb sahillərində, Alyaska adalarında, həmçinin Havay və Quamda sunami ilə bağlı xəbərdarlıq yayıldı. Bu halda da əhalini sahilə yaxın əraziləri tərk etməyə çağırırdılar. Havayın paytaxtı Honolulu sakinləri üçün də təxliyə əmri verilib.
Məlumat üçün bildirək ki, Kamçatka yarımadası yaxınlığında son vaxtlar bir neçə güclü zəlzələ baş verib. İyulun 20-də baş vermiş təbii fəlakətin maqnitudası 7.5-ə çatırdı.