Rusiyanın səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

15:29, 18.08.2026

 

Rusiyanın səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli bəyanatlarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Xüsusilə, 2026-cı ilin avqustun 13-də layihələrdən biri çərçivəsində yayımlanan verilişdə Azərbaycan xalqı və Azərbaycan Respublikasının rəhbərliyi haqqında verilən bəyanatlara diqqət çəkilib. Bundan başqa, avqustun 7-də “Sputnik Radio”nun efirində Azərbaycan rəhbərliyinin “Rusiyada terroristlər və ekstremistlər siyahısına” daxil edilməsi haqqında bəyanat, eləcə də avqustun 9-da “YouTube”da və avqustun 16-da “Spas TV”nin efirində Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu materialın və təxribatçı bəyanatların təkrarən yayımlanması qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, eləcə də Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətin qarşısının alınmasına dair çağırışlarına və bu məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu qeyd olunub.

Oxşar