Rusiyanın səfiri Mixail Evdokimovu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıblar
Rusiyanın səfiri Mixail Evdokimovu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıblar.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirin müavini Araz Əzimovla görüşdə iki ölkə arasında münasibətlərə zərər vuran qeyri-dost hərəkətlər ilə əlaqədar Rusiya tərəfinə etiraz notası təqdim edilib.
Səfirlə görüşdə Azərbaycan tərəfi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində azərbaycanlıların yaşadığı evlərdə reydlər zamanı iki Azərbaycan vətəndaşının həlak olduğu, bir neçəsinin isə ağır bədən xəsarətləri aldığı Yekaterinburqda baş vermiş hadisələrlə bağlı dərin narahatlığını ifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyində qeyd edirlər ki, Rusiyanın hadisə ilə bağlı izahatları ekspertizanın rəyi ilə ziddiyyət təşkil edir və dünyasını dəyişmiş şəxslərin bədənlərində zorakılıq izi var.
Azərbaycan Xarici İşlər Nazirliyində qeyd edirlər ki, qeyd olunan reydlər ilə bağlı rus mediasında etnik dözümsüzlük təzahürləri müşahidə olunur, azərbaycanlılara münasibətdə isə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadə qəbuledilməzdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, Azərbaycan Rusiya tərəfindən qanun pozuntularının hərtərəfli və obyektiv araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını gözləyir. Həmçinin vurğulanır ki, Azərbaycanın bu məsələdə mövqeyi Rusiyanın daxili işlərinə qarışmaq kimi sayılmamalıdır.
Bununla yanaşı, Azərbaycan Rusiya tərəfinin “Sputnik Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlərlə bağlı bəyanatlarını əsassız hesab edir və bu tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə tam əməl olunmaqla həyata keçirildiyini və hazırda istintaq hərəkətlərinin aparıldığını qeyd edir. Azərbaycan Xarici İşlər Nazirliyi real vəziyyəti təhrif etmək cəhdlərini, eləcə də Rusiya hava məkanında ötən ilin sonunda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasından sonra Rusiyanın rəsmi şəxsləri və mediasının apardığı Azərbaycana qarşı dezinformasiya kampaniyasını qəbuledilməz hesab edir. Azərbaycan Rusiya tərəfindən bu faciənin tam və şəffaf şəkildə araşdırılmasını, günahkarların müəyyən edilməsini və cəzalandırılmasını, həmçinin zərərçəkənlərə təzminat ödənilməsini gözləyir. Bakı bu addımları ikitərəfli münasibətlərdəki mənfi atmosferin aradan qaldırılması üçün son dərəcə vacib hesab edir.