Rusiyanın Samara vilayətinin Novokuibişevski şəhərində yerləşən neft emalı zavoduna Ukrayna pilotsuz uçuş aparatları ilə hücum ediblər

13:24, 10.03.2025

 
Rusiyanın Samara vilayətinin Novokuibişevski şəhərində yerləşən neft emalı zavoduna Ukrayna pilotsuz uçuş aparatları ilə hücum ediblər.

Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri 4 dəfə partlayış səsinin eşidildiyini bildiriblər.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişçev Novokuibişevski şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu təsdiqləyib.

“Bu gün gecə düşmən yenidən müəssisələrimizi bombalamağa cəhd etdi. Bu cəhd uğursuz alındı. Novokuibişevskidə üç dron vurulub. Yanğın və xəsarət alan yoxdur, hər şey normal işləyir” – Fedorişçev sosial şəbəkədə yazıb.

Eyni zamanda, Rusiya Fövqəladə Hallar Nazirliyi Novokuibişevski şəhərinin Molodoqvardeyskaya küçəsində 1500 kvadratmetr sahədə yanğın baş verdiyi haqda məlumat yayıb. Neft emalı zavodunun şöbələrindən biri bu küçədə yerləşir. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğının söndürülməsinə 87 yanğınsöndürən və 27 ədəd texnika səfərbər olunmuşdu.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, martın 10-u gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın 9 pilotsuz uçuş aparatını məhv edib. Hərbi idarənin məlumatına əsasən, Samara vilayətində üç, Voronej və Oryol vilayətlərində iki, Belqorod və Kursk vilayətlərində isə bir pilotsuz təyyarə vurulub.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrei Kovalenko bildirib ki, dronların hədəfi məhz Novokuibişevskinin neft emalı zavodu olub. O deyib ki, zavod Rusiya ordusu üçün strateji əhəmiyyət kəsb edir, çünki hərbi əməliyyatlar üçün dayanıqlı yanacaq təchizatını o təmin edir.

Oxşar