Rusiyanın ordusu tərəfindən Ukraynanın Xarkov və Dnepropetrovsk regionlarının bombalanması nəticəsində dinc əhali arasında itkilər olub
Rusiyanın ordusu tərəfindən Ukraynanın Xarkov və Dnepropetrovsk regionlarının bombalanması nəticəsində dinc əhali arasında itkilər olub

Rusiyanın ordusu tərəfindən Ukraynanın Xarkov və Dnepropetrovsk regionlarının bombalanması dinc əhali arasında itkilərlə nəticələnib.

Ukrayna mediasının məlumatına görə, Xarkov regionunda həyata keçirilən bombardman nəticəsində beş nəfər həlak olub, üç nəfər isə yaralanıb.

Verilən xəbərə görə, Rusiya qoşunları ehtimal olunur ki, yaylım atəşli raket sistemindən istifadə edərək İzyum rayonunun Novoplatonovka kəndinə zərbə endiriblər.

Ukraynanın Fövqəladə Hallar Xidməti açıqlayıb ki, insanlar humanitar yardım almaq üçün toplaşmışdılar və məhz bu zaman Rusiya hərbçiləri dinc əhaliyə hücum ediblər.

Bundan əlavə, bu gün Rusiya Peskı-Radkovskiye kəndini də bombalayıb. Hücum nəticəsində bir mağazada və fərdi evdə yanğın baş verib. Paralel olaraq, Ukrayna mediası yazır ki, Dnepropetrovsk vilayətinin Kamenskoe şəhərində yerli xəstəxananın doğum və terapiya şöbələrinə edilən hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri 23 yaşlı hamilə qadın idi. Daha iki tibb müəssisəsinin pəncərələri sınıb, məktəblərə və uşaq bağçasına ziyan dəyib. Bombardman nəticəsində demək olar ki, 50 ev zərər görüb.