Rusiyanın liberal “Yabloko” partiyasının liderlərindən birinə 11 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib

19:19, 17.08.2026

 

Rusiyanın liberal “Yabloko” partiyasının liderlərindən birinə 11 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Medianın məlumatına əsasən, partiya sədrinin müavini Lev Şlosberq Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda, onlar haqqında yalan məlumat yaymaqda, həmçinin Ukraynaya qarşı müharibəni pisləməkdə təqsirli bilinib.

Medianın məlumatına əsasən, Şlosberq yekun çıxışından müharibəni tənqid etmək üçün istifadə edib və bu müharibəyə çoxlu sayda insanın qurban getdiyini vurğulayıb.

“Bu müddət ərzində minlərlə insanın həyatı yarımçıq qaldı. Tez və ya gec, həlak olanların dəqiq və tam siyahısı adları ilə ictimaiyyətə açıqlanacaq və bütün millət bu siyahıdan dəhşətə gələcək” – o, bildirib.

Şlosberqin müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, avqustun 10-da Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiasını tam təmin edib və müxalif “Yabloko” partiyasının Dövlət Dumasında seçkilərdə iştirak hüququnu ləğv edib. “TASS” nəşrinin məlumatına əsasən, “Yabloko” partiyası həmçinin federal dövlət televiziyaları və radiosunun efirində pulsuz və ödənişli efir vaxtı almaq hüququndan məhrum edilib, o cümlədən televiziya debatlarında iştirakı qadağan olunub. “Yabloko” Rusiyada Ukraynaya qarşı müharibəyə fəal şəkildə qarşı çıxan siyasi partiyalardan biridir.

Oxşar