Rusiyanın kütləvi hücumu nəticəsində Kiyev vilayətində 14 nəfər həlak olub, 22 nəfər isə yaralanıb
Rusiya gecə saatlarında Kiyev vilayətinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 14 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ən çox itki Brovarı rayonunda qeydə alınıb. Burada doqquz nəfər həyatını itirib.
Hücum nəticəsində müxtəlif anbar binalarında genişmiqyaslı yanğınlar baş verib. Ümumilikdə altı obyektdə yanğın qeydə alınıb. Onlardan dördü Brovarı, ikisi isə Buça rayonunda yerləşir.
Bundan başqa, Rusiyanın həyata keçirdiyi kütləvi kombinə edilmiş hücumdan sonra Kiyevin bütün rayonlarında havanın çirklənmə səviyyəsinin yüksək olduğu bildirilir. Mütəxəssislərin sözlərinə görə, buna səbəb hücum nəticəsində baş verən iri yanğınlardır.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətinə zərbələr endirdiyini təsdiqləyib.
Nazirliyin məlumatına görə, hədəflər Kiyev şəhəri və Kiyev vilayətində yerləşən nəqliyyat-logistika və distribütor mərkəzləri olub. Rusiya tərəfi iddia edir ki, həmin obyektlər müxtəlif növ silahların və hərbi təyinatlı yüklərin saxlanılması və daşınması, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı və paylanması üçün istifadə olunurdu.