Rusiyanın Kiyevə raket hücumu nəticəsində 9 nəfər həlak olub, 23 nəfər yaralanıb
Rusiyanın bu gün sübh saatlarında Kiyevə endirdiyi raket zərbəsi nəticəsində son məlumata görə, 9 nəfər həlak olub, 23 nəfər yaralanıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata əsasən, həlak olanlardan yeddisi Kiyevin cənub-şərqində yerləşən Darnıtski rayonunda, iki nəfər isə şəhərin qərbindəki Solomyanski rayonunda həyatını itirib.
Yaralananlar arasında dörd uşaq var.
Solomyanski rayonunda beşmərtəbəli yaşayış binası qismən uçub və yanğın baş verib. Həmçinin avtodayanacaqda saxlanılan avtomobillər də yanaraq zərər görüb.
Darnıtski rayonunda inzibati və qeyri-yaşayış binalarına ziyan dəyib, bir neçə obyektdə yanğın qeydə alınıb.
Şəhərin mərkəzində yerləşən Şevçenko rayonunda qeyri-yaşayış binasında və kinostudiyanın ərazisində yanğın baş verib. Bundan başqa, təcili tibbi yardım avtomobilləri də yanıb.
Dniprovski rayonunda mağaza, Peçerski rayonunda isə dörd fərdi yaşayış evi və təsərrüfat tikililəri zərər görüb.
Ukrayna Telegram kanallarının yaydığı məlumata görə, Rusiya Kiyev istiqamətinə 20-dən çox raket buraxıb. Onların arasında ballistik və hipersəs qanadlı raketlərin də olduğu bildirilir.