Rusiyanın Kiyevə hücumu nəticəsində partlayış dalğası Müqəddəs Sofiya Kafedralını zədələyib
Rusiyanın Kiyevə hücumu nəticəsində yaranan partlayış dalğası UNESCO-nun Dünya İrs Siyahısında yer alan Müqəddəs Sofiya Kafedralını zədələyib. Bu barədə Ukraynanın mədəniyyət naziri Nikolay Toçitski məlumat yayıb.
“Gecə düşmən yenidən bizim kimliyimizin qəlbinə zərbə vurdu. Kiyevdəki Sofiya kilsəsi – əsrlərə tab gətirmiş və dövlətçiliyimizin simvolu olan müqəddəs məkan zədələndi. Partlayış dalğası milli əhəmiyyətli abidənin əsas apsidasının karnizinin dağılmasına səbəb oldu. Bu XI əsrə aid kilsə bütün Ukraynanın ruhudur”, – deyə nazir sosial şəbəkədə yazıb.
Abidənin vəziyyətinin araşdırılması və sənədləşdirilməsi mütəxəssislər və istintaq-operativ qrup tərəfindən aparılıb. Mədəniyyət Nazirliyi bildirir ki, partlayışlardan yaranan istənilən vibrasiya abidənin konstruksiyasının bütövlüyünü təhlükə altına sala bilər.
Nazirliyin məlumatına görə, gecə həmçinin Avropanın ən qədim kinomərkəzlərindən biri olan Odessa Kinostudiyasına da zərbə endirilib. Bir filmin dekorasiyası tamamilə məhv olub. Mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının söndürülməsi mümkün olub. Hücum nəticəsində insan tələfatı qeydə alınmayıb.