Rusiyanın Kiyevə həyata keçirdiyi hücum nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə yaralanıb

12:18, 19.07.2026

Rusiya tərəfindən iyulun 19-u gecə Kiyevə həyata keçirilən genişmiqyaslı hücum nəticəsində bir nəfər həlak olub, 16 nəfər yaralanıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Onun sözlərinə görə, bu, Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi ən genişmiqyaslı hücumlardan biri olub.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, zərbələr Kiyevin beş rayonuna endirilib. Hücumlar nəticəsində həm yaşayış, həm də qeyri-yaşayış binalarında yanğınlar baş verib, eləcə də avtomobillər alovlanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, Rusiya gecə saatlarında Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə kombinə edilmiş hücum həyata keçirib. Əsas hədəf Kiyev olub. Qurumun məlumatına görə, Rusiya Ukrayna istiqamətində 41 raket və 125 dron buraxıb. 23 raketin və 10 pilotsuz uçuş aparatının 20 fərqli əraziyə düşməsi qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi də Rusiya qüvvələrinin Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbə endirdiyini təsdiqləyib. Nazirliyin iddiasına görə, hədəflər Kiyev və Kiyev vilayətində yerləşən hərbi-sənaye müəssisələri, logistika mərkəzləri, həmçinin Odessa vilayətindəki “Yujnı” limanının infrastrukturu olub.

Oxşar