Rusiyanın Kiyevə ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində azı 12 nəfər həlak olub

10:20, 20.08.2026

Rusiyanın Kiyevə ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində azı 12 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin və Kiyev meri Vitali Kliçkonun məlumatına görə, Rusiya gecə saatlarında Kiyevə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində yaşayış binalarına və uşaq xəstəxanasına ziyan dəyib, bir neçə ərazidə isə yanğın baş verib.

Kliçkonun sözlərinə görə, ölənlərin əksəriyyəti Solomyanski rayonundadır. Burada raket 9 mərtəbəli yaşayış binasına düşüb və nəticədə binanın yuxarı mərtəbələri tamamilə dağılıb. Hücum nəticəsində Solomyanski rayonunda məktəbə və uşaq xəstəxanasının binasına da ziyan dəyib.

Darnitski rayonunda qeyri-yaşayış və anbar binaları zərər görüb. Svyatoşinski rayonunda isə anbar ərazilərində yanğın baş verib.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev və Kiyev vilayətində hərbi-sənaye kompleksinin obyektlərinə yüksək dəqiqlikli, genişmiqyaslı zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumun hədəfi Kiyev və Kiyev vilayətində yerləşən hərbi sənaye müəssisələri, nəqliyyat-logistika mərkəzi və anbarlar olub.

Oxşar