Rusiyanın Kiyev və Xarkova endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var
Rusiyanın Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb.
Kiyevdə ötən gecə baş verən raket hücumu nəticəsində bir qadın həlak olub, daha iki mülki şəxs yaralanıb.
Xilasedicilərin məlumatına görə, Rusiya raketlərinin zərbəsi nəticəsində paytaxtın Desnyanski və Svyatoşinski rayonlarında yanğınlar baş verib. Hücumun hədəfi inzibati bina və anbarlar olub.
Eyni zamanda, Rusiyanın Xarkova endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib, daha 20 nəfər yaralanıb.
Xarkovda yaşayış binası raket hücumuna məruz qalıb. Yaralananlar arasında üç azyaşlı da var.