Rusiyanın işğal etdiyi Abxaziyada, Suxumi hava limanından ilk uçuşları sanksiyaya məruz qalmış aviaşirkətlər həyata keçirəcək
Rusiyanın işğal etdiyi Abxaziyada, Suxumi hava limanından ilk uçuşları sanksiyaya məruz qalmış aviaşirkətlər həyata keçirəcək

Rusiyanın işğalı altında olan Abxaziyada, Suxumi hava limanından ilk uçuşları sanksiyaya məruz qalmış aviaşirkətlər yerinə yetirəcək. Rusiyanın Nəqliyyat Nazirliyinin məlumatına əsasən, Suxumi hava limanından planlaşdırılan uçuşlar üçün artıq biletlərin satışı başlanıb.

Nazirliyin məlumatına görə, ilk uçuş 3 may tarixində həyata keçiriləcək və bu uçuşu UVT AERO aviaşirkəti Moskvadakı Vnukovo hava limanından yerinə yetirəcək. 6 maydan etibarən isə uçuşlara Nijni Novqoroddan Ikar aviaşirkəti başlayacaq.

Bundan əvvəl həmçinin məlum olmuşdu ki, “Rosaviatsiya” Suxumi hava limanına uçuşlara iFly və Nordstar aviaşirkətlərinə də icazə verib. Lakin bu şirkətlərin nə vaxtdan uçuşlara başlayacağı hələlik məlum deyil.

Eyni zamanda qeyd edilməlidir ki, bu dörd aviaşirkətin hamısına qarşı sanksiyalar tətbiq edilib və onların Avropa İttifaqı ölkələrinə uçuş həyata keçirməsi qadağandır.

Bundan əvvəl Gürcüstanın Mülki Aviasiya Agentliyi bəyan etmişdi ki, Rusiyanın işğal etdiyi Abxaziyada yerləşən Suxumi hava limanının istismarı qeyri-qanunidir və bu hava limanından uçuş həyata keçirən istənilən aviaşirkət Beynəlxalq Mülki Aviasiya Təşkilatının əsasını təşkil edən Çikaqo Konvensiyasının prinsiplərini pozmuş olacaq.