Rusiyanın Dnepropetrovsk vilayətinə dronlarla hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb
Rusiyanın Dnepropetrovsk vilayətinə dronlarla hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası yayıb.
Vilayət administrasiyasının rəhbəri Sergey Lisakın bildirdiyinə görə, hücum nəticəsində həlak olan şəxs 12 yaşlı qızdır, yaralananlar arasında həmçinin 6 yaşlı uşaq da var.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Rusiya dronla yaşayış evinə zərbə endirib.
“Uşaqlar dağıntılar altında qalıblar. Yerli sakinlərdən biri bir uşağı müstəqil şəkildə çıxarıb, lakin 2012-ci il təvəllüdlü qız təəssüf ki, xəstəxanaya aparılarkən yolda vəfat edib,” – deyə qurumdan bildirilib.
Bununla yanaşı, Rusiyanın dronlarının qalıqlarının düşməsi nəticəsində Kiyevdə bir nəfər yaralanıb. Bu barədə məlumatı Kiyev meri Vitali Kliçko yayıb.
Onun sözlərinə görə, istirahət bazasının üçmərtəbəli binasında yanğın baş verib.
Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə ərzində Rusiya Ukrayna istiqamətində 100 dron buraxıb. Bunlardan 37 pilotsuz uçuş aparatı Ukraynanın müdafiə qüvvələri tərəfindən vurulub, 47-si isə hədəfə çatmadan itirilib.
İşğalçı qüvvələrin hücumu nəticəsində Dnepropetrovsk, Kiyev, Xarkov və Donetsk vilayətləri zərər çəkib.