Rusiyanın “Azimut” aviaşirkəti ölkənin aviasiya yanacağı bazarında kritik vəziyyətin yarandığını və uçuşların həyata keçirilməsinin “iqtisadi mənasını tamamilə itirdiyini” bəyan edib

17:22, 24.06.2026

 Rusiyanın “Azimut” aviaşirkəti ölkənin aviasiya yanacağı bazarında kritik vəziyyətin yarandığını və uçuşların həyata keçirilməsinin “iqtisadi mənasını tamamilə itirdiyini” bəyan edib. Şirkətin Rusiya Hava Daşıyıcıları Assosiasiyasına göndərdiyi məktubda qeyd olunduğu kimi, iyunun əvvəlində əsas yanacaq tədarükçüsü şirkətə istehlakın təxminən üçdə bir nisbətində azaldılmasının vacibliyi barədə məlumat verib. Səbəb kimi neft emalı zavodlarında yaranan fors-major vəziyyət göstərilib, bu da bazarda aviasiya yanacağının həcminin azalmasına səbəb olub.

“Azimut”, alternativ tədarükçülərdə belə lazımi miqdarda yanacaq olmaması haqda məlumat verir. Defisitin yaranması ilə yanaşı, yanacağın qiyməti də kəskin şəkildə bahalaşıb. Şirkətin məlumatında, iyunun əvvəlindən bəri Rusiyanın hava limanlarında aviasiya yanacağının orta qiymətinin 17% artdığı deyilir.

Aviaşirkət bəyan edir ki, mövcud şərait səbəbindən planlaşdırılan uçuş proqramının icrası həm beynəlxalq, həm də daxili marşrutlar üzrə “iqtisadi nöqteyi-nəzərdən mənasını itirir”.

“Azimut” Rusiya Hava Daşıyıcıları Assosiasiyasına müraciət edərək, Energetika Nazirliyi qarşısında məsələ qaldırmağı və vəziyyətin sabitləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini tələb etməyi xahiş edib.

Məlumat üçün bildirək ki, Rusiyada yanacaq böhranı 2026-cı ilin may ayının sonunda, Ukraynanın neft emalı zavodlarına hücumlarının intensivləşməsi fonunda başlayıb. “Reuters” agentliyinin məlumatına əsasən, 15-21 iyun tarixlərində ölkədə benzin istehsalı 2025-ci ilin iyun ayının orta günlük göstəricisi ilə müqayisədə təxminən 25% azalıb.

Yanacaq paylanmasına qoyulan məhdudiyyətlər artıq Rusiyanın mərkəzi regionlarında, eləcə də İrkutsk, Omsk və Novosibirsk vilayətlərində, Xanti-Mansi muxtar vilayətində qüvvədədir.

Rusiyanın vitse-baş naziri Aleksandr Novak prezident Vladimir Putinlə keçirdiyi iclasda daxili bazardakı vəziyyətin “sadə olmadığını, lakin nəzarət altında saxlanıldığını”, defisitin isə “ayrı-ayrı regionlarda və yanacaqdoldurma məntəqələrində dövri olaraq yaranan loqistik problemlərin nəticəsi olduğunu” bildirib.

Oxşar