Rusiyada Ukrayna dronlarının hücumu nəticəsində Krımda neft bazasının yandığını bildirirlər

14:53, 07.10.2024

 
Rusiyanın ilhaq etdiyi Krımda, Feodosiya şəhərində neft anbarı yanır. Bu haqda yerli hakimiyyət orqanlarına istinadən rus agentlikləri xəbər verirlər. Hakimiyyət yanğının səbəbini açıqlamır, lakin bir neçə saat əvvəl “Telegram” kanalları Ukrayna dronlarının Krıma hücumu barədə xəbər verirdilər.

“Feodosiya neft bazasında yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir, tələfat və xəsarət alan yoxdur” – Feodosiya administrasiyasının rus agentlikləri tərəfindən yayılan bəyanatında deyilir.

“Telegram”da, yol nişanına əsasən, müzakirə etsək Feodosiyaya qonşu qəsəbə Bereqovoenin şəhərətrafından çəkilmiş yanğını əks etdirən video yayılır.

Məlumat üçün bildirək ki, müxtəlif ölçülü 32 anbarın yerləşdiyi sözügedən neft bazası Feodosiyanın şərq hissəsində, Bereqovoe yaxınlığında yerləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı neft bazasına hücumu təsdiqləyib.

Feodosiya neft bazası Rusiya ordusunu təchiz etmək üçün də istifadə olunan neft məhsullarının daşınması həcminə görə Krımda ən böyükdür. Terminalın su anbarlarının həcmi 250 min kubmetr təşkil edir. Yarımadada cəmi iki belə terminal var, ikincisi Sevastopolda yerləşir.

Bu gecə rus və Ukrayna “Telegram” kanalları Krımda müxtəlif obyektlərə dronlarla hücum barədə xəbər verirdilər. Lakin, bu bildirişlər əsasən Yevpatoriya və Sevastopol bölgələrinə aid idi.

Ukraynanın “Crimean wind” teleqram kanalı abunəçilərinə istinadən xəbər verir ki, Feodosiyada partlayış səsləri yerli vaxtla saat təxminən 04:30-da eşidilib.

Rusiya Müdafiə Nazirliyi səhər hesabatında gecə ərzində ilhaq edilmiş Krım və Rusiyanın bir sıra vilayəti üzərində Ukraynaya məxsus 21 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Krım səmasında 12, Kursk vilayətində daha 6, Belqorod, Bryansk və Voronej vilayətlərinin hər biri üzərində bir dron vurulub.

Nazirlik Feodosiya neft bazasında baş verən yanğından bəhs etmir.

Oxşar