Rusiyada bildirirlər ki, üçtərəfli sülh danışıqları üçün prioritet məkan Əbu-Dabidir
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın gələcəkdə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların bərpa olunacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya Amerika tərəfi ilə əlaqəni saxlayır, lakin bu mərhələdə hər hansı fəaliyyət planı yoxdur.
“Üçtərəfli danışıqların bərpası ilə təsdiqlənmiş ümumi təşəbbüs, ümumi siyasi istək mövcuddur. Ümid edirik ki, bu danışıqlar yaxın gələcəkdə bərpa olunacaq. Biz amerikalı həmkarlarımızla əlaqələri saxlamaqda davam edirik”, – deyə Peskov bildirib.
Bununla yanaşı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın sülh danışıqlarının növbəti raundunun keçirilməsinə razı olacağı məkanı açıqlayıb.
Uşakov Rusiyanın “Vesti” telekanalına bildirib ki, Kreml Birləşmiş Ərəb Əmirliklərini, Əbu-Dabini potensial danışıqlar üçün “prioritet məkan” hesab edir.