Rusiya Xersonun uşaq xəstəxanasına artilleriya atəşi açıb, dördü uşaq olmaqla doqquz nəfər yaralanıb
Rusiya qüvvələri Xersonun uşaq xəstəxanasına artilleriya atəşi açıb, nəticədə doqquz nəfər yaralanıb. Bu haqda məlumatı Ukrayna mediası yayır.
Medianın məlumatına əsasən, yaralananlar arasında dörd uşaq və üç tibb işçisi var. Xəstəxananın əməkdaşlarından birinin vəziyyəti ağırdır və əməliyyat olunur.
Xerson vilayət prokurorluğunun məlumatına əsasən, işğalçı qüvvələr yerli vaxtla təxminən saat 09:20-də, pasiyentlər, onların valideynləri və əməkdaşlar xəstəxanada olarkən artilleriya atəşi açıblar.
Yaralananlardan biri 9 yaşlı qızdır.
Tibb müəssisəsinin binası zərər görüb, divarları qismən uçub, pəncərələri sınıb. Partlayış dalğası yaxınlıqdakı tikililərə də ziyan vurub.
“Ukraynalı tibb işçiləri uşaqların həyatı və sağlamlığı uğrunda mübarizə apararkən, Rusiya ordusu bu həyatı almaq istəyir” – Ukraynanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.