Rusiya və Türkiyə S-400 tipli hava hücumundan müdafiə sistemləri məsələsini müzakirə ediblər
Rusiya və Türkiyə Ankaraya tədarük edilən S-400 tipli hava hücumundan müdafiə sistemləri məsələsini müzakirə ediblər. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Onun sözlərinə görə, bu mövzu xüsusilə həssas məsələlərə aiddir.
“Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və davam edir”, – deyə Peskov bildirib.
Bundan əvvəl Türkiyə mediası mənbələrə istinadən yazmışdı ki, Ankara S-400 tipli hava hücumundan müdafiə sistemlərini Fars körfəzi ölkələrindən birinə satıb. Məlumata görə, bunun qarşılığında ABŞ Türkiyəyə sanksiyaların ləğv ediləcəyinə dair vəd verib.
Türkiyə S-400 tipli raket sistemlərini 2019-cu ildə əldə edib. Bundan sonra ABŞ Türkiyədən Rusiya istehsalı olan sistemlərdən imtina etməsini tələb edib.