Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirdi, ölənlər və yaralananlar var
Rusiya gecə saatlarında Ukraynanın vilayətlərinə raket və dronlarla kütləvi hücumlar təşkil etdi. Xmelnitski vilayətinə raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, beş nəfər yaralanıb. Bu barədə Xmelnitski Regional Administrasiyasının rəhbəri Serhiy Tyurin məlumat yayıb.
Zərbə nəticəsində mülki infrastruktur zədələnib, o cümlədən altı fərdi yaşayış evi tamamilə dağılıb. Həmçinin bir təhsil müəssisəsinin binası və ictimai nəqliyyat vasitələri zədələnib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Nikolayev şəhərində dron hücumu beşmərtəbəli binaya yönəldilib. Bir nəfər ölüb, beş nəfər yaralanıb, onlardan biri yeniyetmədir. Binanın iki mərtəbəsi tamamilə dağılıb.
Kiyev vilayətinə edilmiş kütləvi hücum nəticəsində dörd nəfər həlak olub, 16 nəfər yaralanıb, onların arasında uşaqlar da var. Zərbələrin nəticəsində Kiyev vilayətinin beş rayonunda dağıntılar qeydə alınıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Jitomir vilayətinə edilən bombardman nəticəsində üç uşaq həyatını itirib. Həmçinin 12 vətəndaş yaralanıb. Yaşayış binaları, fərdi evlər və təsərrüfat tikililəri zədələnib.
Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, gecə ərzində Rusiya Ukrayna istiqamətinə 298 dron və 70 raket buraxıb. Konkret olaraq, işğalçı qüvvələr “İskəndər” tipli 9 raket, 56 qanadlı raket və 4 idarəolunan aviasiya raketi istifadə ediblər. Hava hücumundan müdafiə qüvvələri 45 qanadlı raket və 139 dronu vurub. İki raket və 127 pilotsuz uçuş aparatı “lokasiyadan itib”. Ukraynanın Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, zərbələr 22 müxtəlif nöqtəyə endirilib.