Rusiya Ukraynanın Nikolayev şəhəri və Xarkov vilayətinin yaşayış məntəqələrinə növbəti raket hücumu həyata keçirib, yaralananlar var
Rusiya ordusu 3 avqustun sübh saatlarında Ukraynanın Nikolayev şəhəri və Xarkov vilayətinin bir sıra yaşayış məntəqələrinə növbəti raket zərbələri endirib. Nəticədə yaşayış evləri zədələnib və yanğın baş verib. Yanğın sonradan söndürülüb. Bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti yayıb.
Nikolayev vilayətinin qubernatoru Vitali Kim bildirib ki, hücum nəticəsində şəhərdə üç nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerində bir neçə nəfərə ilkin tibbi yardım göstərilib.
Xarkov vilayətində partlayışlar Çuquyev və Balakliya şəhərlərində qeydə alınıb. Çuquyevdə hücumun hədəfi fərdi yaşayış məhəlləsi olub – evlərin dam örtükləri və pəncərələri zədələnib. Şəhər meri Qalina Minaevanın sözlərinə görə, üç qadın xəstəxanaya yerləşdirilib, onlarda psixoloji şok qeydə alınıb.
Balakliyada pilotsuz uçuş aparatı yaşayış evlərindən birinə düşüb, bir nəfər yaralanıb. Bundan əlavə, Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, dron zərbəsi həmçinin Xarkovun Şevçenko rayonunda da qeydə alınıb.