Rusiya tərəfindən Ukrayna taxılının İsrailə qanunsuz ixracı ilə bağlı Ukrayna İsrailin səfirinə etiraz notası təqdim edib
Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Qeorqi Tixi bildirib ki, aprelin 28-də İsrailin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Mixail Brodskiyə Rusiya Federasiyası tərəfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən bu ölkəyə kənd təsərrüfatı məhsullarının qanunsuz ixracının davam etdirilməsi ilə bağlı etiraz notası təqdim edilib.
“Bu taxılın mənşəyi və onun gizlədilməsi sxemləri, xüsusən də Qara dənizdə gəmidən gəmiyə daşınması dəqiq müəyyən edilib. Bu, o cümlədən İsrail hakimiyyətinə də yaxşı məlumdur. Buna baxmayaraq, müvafiq yüklər İsrail limanlarına və kommersiya dövriyyəsinə yenə də daxil olur” – bəyanatda qeyd olunub.
Tixin sözlərinə əsasən, İsrail Ukraynanın beynəlxalq hüquqi yardım tələblərini, o cümlədən gəmilərin və yüklərin saxlanılması tələbini qulaqardına vurur və bununla da əslində oğurlanmış Ukrayna taxılının leqallaşdırılması üçün şərait yaradır.
Ukraynanın Xarici İşlər Nazirliyi qeyd edib ki, bunlar təcrid olunmuş hallar deyil, Ukrayna ərazilərinin müvəqqəti işğalı, eləcə də sanksiyalardan yayınma ilə bağlı qanunsuz iqtisadi fəaliyyətlərə qəsdən dəstəkdir.
Bununla yanaşı, İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, İsrail Vergi Xidməti Hayfa limanına daxil olmalı olan və Ukraynanın “oğurlanmış taxıl” daşıdığını düşündüyü gəmi ilə bağlı araşdırmaya başlayıb.
Onun sözlərinə əsasən, gəmi hələ Hayfa limanına daxil olmayıb.
“Gəmi hələ limana daxil olmayıb və sənədləri təqdim etməyib. Ukraynanın yük sənədlərinin saxtalaşdırılması ilə bağlı iddialarının doğruluğunu yoxlamaq mümkün deyil” – Qideon Saar qeyd edib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, Ukrayna kəşfiyyat xidmətlərindən alınan məlumatlara əsasən həm bu taxılın birbaşa daşınmasına, həm də cinayətkar sxemdən qazanc əldə etməyə çalışan fiziki və hüquqi şəxslərə tətbiq ediləcək müvafiq sanksiyalar paketi hazırlayır. İsrailin xarici işlər naziri isə Zelenskinin bəyanatını “Twitter diplomatiyası” adlandırıb və Ukraynanın yükün tərkibi barədə məlumat vermədiyini qeyd edib.