Rusiya ordusu Xarkov və Zaporojye bölgələrini bombalayıb, yaralananlar var
Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojya vilayətlərini bombalayıb.
Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın hücumunun hədəfi Xarkov vilayətinin enerji sistemi olub. Rusiya hücum üçün pilotsuz uçuş aparatları və taktiki təyyarələrdən istifadə edib.
Xarkov vilayətinə edilən hücumda yaşayış binalarına da ziyan dəyib, iki nəfər yaralanıb.
Eyni zamanda Zaporojyedə çoxmərtəbəli yaşayış binasına dronlarla hücum edildiyi, ardınca yanğının baş verdiyi barədə məlumatlar yayılır. Hücum nəticəsində bir nəfər yaralanıb.
Ukrayna mətbuatı xəbər verir ki, Rusiya ordusu 200-dən çox pilotsuz təyyarə ilə Ukraynaya hücum edib, onlardan 107-si Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Sumı, Nikolayev, Poltava, Kiyev, Çerniqov, Çerkassı, Vinnitsa, Jitomir, Nikolayev və Dnepropetrovsk vilayətləri də hədəfə alınıb.