Rusiya mətbuatı xəbər verir ki, Rusiya rəsmi olaraq Avropa Şurasından çıxıb
Rusiya rəsmi olaraq Avropa Şurasını tərk edib. Bu barədə artıq qurumun baş katibi Mariya Pejinoviç-Buriçə məlumat verilib. Məlumatı Rusiya Xarici İşlər Nazirliyinə istinadən Rusiya mətbuatı yayıb.
“NATO və Aİ öz əksəriyyətindən sui-istifadə edərək ardıcıl olaraq Avropa Şurasını anti-Rusiya siyasətinin alətinə çevirərək bərabərhüquqlu dialoqu və bu ümumi Avropa strukturunun əsaslandığı bütün prinsipləri inkar ediblər. Fevralın 25-də onlar ayrı-seçkilik xarakterli qərar qəbul edərək Rusiyanın Avropa Şurasındakı səlahiyyətlərini dayandırdılar. Belə bir vəziyyətdə Rusiya Avropa Şurasında yer almayacaq”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Öz növbəsində, Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib ki, Rusiya Avropa Şurasını tərk etdikdən sonra Avropa İnsan Hüquqları Konvensiyasını və icrası yalnız üzvlər üçün nəzərdə tutulmuş digər dörd konvensiyanı denonsasiya edəcək. Onun sözlərinə görə, icrası Avropa Şurası tərəfindən nəzərdə tutulmayan sənədlər denonsasiya olunmayacaq, lakin onlar Rusiyanın maraqlarına uyğun deyil.