Rusiya mediasının məlumatına görə, türk aviaşirkətləri dron təhlükəsi səbəbindən Moskvaya uçuşları ləğv edib

14:56, 02.09.2026

Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus” sentyabrın 2-də Bodrumdan Moskvaya həyata keçirilməli olan reysi ləğv edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Aviaşirkətdən sərnişinlərə bildirilib ki, reys “hava məkanındakı vəziyyətlə əlaqədar” ləğv olunub.
“Bunun necə inkişaf edəcəyini bilmirik. Türkiyə tərəfi reyslərin həyata keçirilməsinə icazə vermir”, – aviaşirkətdən bildirilib.
Bundan əlavə, Moskvanın Vnukovo hava limanının məlumat lövhəsində “Pegasus” aviaşirkətinin İstanbul və Dalaman istiqamətində daha iki reysinin də ləğv edildiyi göstərilib.
Həmçinin gecə və səhər saatlarında “Turkish Airlines” şirkətinin İstanbul istiqamətində ən azı iki reysi, “Nesma Airlines” şirkətinin Şarm əl-Şeyx istiqamətində bir reysi və “Shirak Avia” şirkətinin İrəvan istiqamətindəki reysi ləğv edilib.
Bununla yanaşı, “Turkish Airlines”ın növbəti reysləri ilə bağlı məlumatda hər hansı dəyişiklik göstərilməyib.
Qeyd edək ki, sentyabrın 2-nə keçən gecə təhlükəsizlik səbəbilə Vnukovo hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Moskva vaxtı ilə təxminən səhər saat 6-da “Rosaviasiya” məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Bundan bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski aviaşirkətləri xəbərdar edib ki, Rusiyanın hava məkanı “təhlükəli vəziyyətə gəlir”. Zelenski bildirib ki, “Rusiya səmasında dronlar belə geniş miqyasda görünəcək və bunu nəzərə almaq zərurəti yaranacaq”.
Rusiya Prezidenti Vladimir Putin isə Zelenskinin bu açıqlamasını “dövlət terrorizminə doğru atılmış addım” adlandırıb.

Oxşar