Rusiya mediasının məlumatına görə, Sankt-Peterburq, Leninqrad vilayəti və Tverdə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar baş verib. Nəticədə “Wildberries” şirkətinin anbarlarında yanğın baş verib
Rusiya mediası: Sankt-Peterburq, Leninqrad vilayəti və Tverdə PUA hücumları “Wildberries” anbarlarında yanğına səbəb olub
Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhəri, Leninqrad vilayəti və Tver vilayəti pilotsuz uçuş aparatları (PUA) ilə hücumlara məruz qalıb. Nəticədə “Wildberries” şirkətinin anbarlarında yanğın baş verib. Bu barədə Rusiya KİV-ləri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, vilayət ərazisində təxminən 50 pilotsuz uçuş aparatı vurulub.
Sankt-Peterburq və Tverə dron hücumları barədə BBC News-un rusdilli xidməti də məlumat yayıb. Bildirilir ki, hücumlar nəticəsində “Wildberries” şirkətinin azı iki anbarında genişmiqyaslı yanğın baş verib.
Partlayış səslərinin işğal altında olan Krımda da eşidildiyi bildirilir. Məlumata görə, Simferopol şəhərində yerləşən “Wildberries” anbarı da dron hücumuna məruz qalıb.
Hadisəni daha sonra şirkətin özü də təsdiqləyib. “Wildberries”in mətbuat xidmətinin məlumatına əsasən, şirkətin çeşidləmə mərkəzində təhlükəsizlik qaydalarına uyğun olaraq əməkdaşlar təxliyə edilib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.