Rusiya iyunun 3-dən etibarən erməni badımcanı, kartofu və quru meyvələrinin idxalına məhdudiyyət tətbiq edir
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına növbəti məhdudiyyəti tətbiq edir.
Rusiya mediasının məlumatına əsasən, iyunun 3-dən etibarən məhdudiyyətlər Ermənistan mənşəli badımcan, kartof və quru meyvələrin idxalına, eləcə də bu məhsulların Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə tranzitinə şamil olunacaq. Bu tədbirlər daşınan malların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq alqoritm hazırlanana qədər qüvvədə qalacaq. Mayın sonu və iyunun əvvəlində “Rosselxoznadzor” Ermənistandan çiçək, meyvə və tərəvəz, həmçinin çəyirdəkli meyvələr və üzüm idxalını məhdudlaşdırmışdı. Bu qərar qismən balıq və balıq məhsullarına da təsir etmişdi.
Agentlik bəyan edib ki, tədarük pozuntuları barədə Yerevana dəfələrlə məlumat göndərilib.
Rusiyada qeyd ediblər ki, bu vəziyyət Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinin fitosanitar təhlükəsizliyinə, eləcə də sənaye tipli bağçılıq, meyvəçilik və üzümçülüyə yönəlmiş daxili dövlət dəstəyi proqramlarına təhlükə yaradır.