Rusiya qüvvələri Ukraynada dronlar və raketlərlə kütləvi hücum həyata keçirib; Çerkası şəhərinə edilən hücum nəticəsində altı nəfər yaralanıb, binalara ziyan dəyib
Rusiya qüvvələri Ukraynada dronlar və raketlərlə kütləvi hücum həyata keçirib; Çerkası şəhərinə edilən hücum nəticəsində altı nəfər yaralanıb, binalara ziyan dəyib

Rusiyanın Çerkası şəhərinə hücumu nəticəsində binalar zədələnib, altı nəfər yaralanıb. Bu barədə Çerkası vilayət dövlət administrasiyasının rəhbəri İqor Taburets məlumat yayıb.

Onun sözlərinə görə, işğalçı qüvvələr vilayət mərkəzinə dronlarla kütləvi hücum edib. Yerli hakimiyyətin bildirdiyinə əsasən, Rusiya ordusunun hədəfi kritik infrastruktur olub, nəticədə şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Hücum nəticəsində təxminən 15-ə yaxın fərdi yaşayış evi və avtomobillər zədələnib.

Bundan əlavə, gecə saatlarında Rusiya qüvvələri Odessa vilayətinə dronlar və raketlərlə kütləvi zərbələr endirib. Yaşayış evi və təhsil müəssisəsi zədələnib. Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, Odessaya pilotsuz uçuş aparatları ilə edilən hücum nəticəsində yeddi nəfər yaralanıb. Zaporojye şəhərinə isə idarəolunan aviasiya bombaları ilə zərbə endirilib. Yaşayış evi zədələnib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya 82 dronla hücum edib, onlardan 63-ü zərərsizləşdirilib. Zərbələr 12 nöqtədə qeydə alınıb.