Rusiya qüvvələri Konstantinovka şəhərinə reaktiv yaylım atəşi sistemlərindən atəş açıblar, 3 nəfər həlak olub
Rusiya qüvvələri Konstantinovka şəhərinə reaktiv yaylım atəşi sistemlərindən atəş açıblar, 3 nəfər həlak olub

 

Rusiya qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərinə “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəş açıblar. Yerli hakimiyyətin məlumatına əsasən, 3 nəfər həlak olub, daha 4 mülki şəxs xəsarət alıb.

Şəhərdə yaşayış evləri, avtomobillər, ticarət müəssisələri və elektrikötürücü xətlər zədələnib.

Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkinin məlumatına əsasən, rus hərbçilər Konstantinovka istiqamətində “Smerç” sistemindən 8 raket buraxıblar və onların məqsədi yerli bazar olub. Filaşkin bildirib ki, vətəndaşlar üçün Donetsk vilayətində qalmaq təhlükəlidir, çünki Rusiya qüvvələri mümkün qədər çox vətəndaşı öldürmək və şikəst etmək üçün qəsdən hücumlar həyata keçirir. O, yerli sakinləri vaxtında təxliyəyə çağırır.

Konstantinovka cəbhəyanı yaşayış məntəqəsidir.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sirski bəyan edib ki, işğalçı qüvvələr Donetsk vilayətinin şimal hissəsinə, Liman istiqamətində təzyiqi gücləndiriblər. O, Donetsk vilayətində yerləşən Ukrayna hərbi bölmələrinə baş çəkib.