Rusiya gecə saatlarında Ukraynaya ballistik və qanadlı raketlərlə genişmiqyaslı hücuma başlayıb. Ölkə hakimiyyəti və hərbçilər vətəndaşları hava həyəcanı siqnalı ləğv edilənədək təhlükəsiz yerlərdə qalmağa çağırır
Rusiya Ukrayna ərazisinə genişmiqyaslı kombinə edilmiş hücuma başlayıb. Hücum zamanı eyni vaxtda ballistik və qanadlı raketlərdən, həmçinin zərbə dronlarından istifadə olunur. Bu barədə Ukrayna mediası dövlət qurumlarına istinadən məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Obolon rayonunda qeyri-yaşayış binalarına, Podol rayonunda isə anbarlara zərbələr endirilib. Dnepr şəhərində Rusiya sənaye müəssisəsinə zərbə vurub. Darnitsa rayonunda iki nəfər həlak olub.
Ukraynanın əksər bölgələrində hava həyəcanı elan edilib. Hakimiyyət və hərbçilər vətəndaşları təhlükə siqnalı ləğv edilənədək təhlükəsiz yerlərdə qalmağa çağırırlar.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynaya yeni, genişmiqyaslı zərbə endirməyə hazırlaşırdı.