Rusiya Dumasına korrupsiyaya görə məhkum olunmuş vəzifəli şəxslərin ölümlə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub
“Ədalətli Rusiya” fraksiyasının üzvləri Dövlət Dumasına korrupsiya sövdələşməsi nəticəsində vətəndaşların təhlükəsizliyinə və ya ölkənin müdafiə qabiliyyətinə zərər dəydiyi hallarda, korrupsiyaya görə məhkum olunmuş vəzifəli şəxslərin ölümlə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Qanun layihəsinin təşəbbüskarı Serqey Mironovun dediyi kimi, vəzifəli şəxsin xaincəsinə niyyətlərlə törətdiyi əməllər birbaşa olaraq vətəndaşların təhlükəsizliyini və ölkənin müdafiə qabiliyyətini sarsıdır.
“Biz qanunvericilikdəki boşluqlarla qarşılaşırıq. Hesab edirik ki, bu cür cinayətlər casusluq və dövlətə xəyanətlə bərabər tutulmalıdır, çünki öz mahiyyətinə görə onlar həmçinin milli maraqlara xəyanətdir” – Serqey Mironov bildirib.
Qanun layihəsinin təşəbbüskarı Çində mövcud olan təcrübəni nümunə gətirir.
Hazırda Rusiyada ölüm hökmünə 1997-ci ildən qüvvədə olan moratorium elan edilib. 1996-cı ildə ölüm hökmü ilə cəzalandırılan sonuncu məhkum seriyalı qatil Serqey Qolovkin olub.