Rusiya dronlarla Kiyev və Xarkova hücum edib
Rusiya Silahlı Qüvvələri dünən gecə döyüş dronları ilə Kiyevə hücum edib.
Şəhər hakimiyyəti, paytaxtın bir neçə rayonunda yanğın qeydə alındığı barədə məlumat verir.
“Düşmən hücumu nəticəsində məhv edilən pilotsuz uçuş aparatlarının parçalarının düşməsinə görə Kiyevin Svyatoşin və Darnitski rayonlarında yanğın baş verib. Şəxsi ev və qeyri-yaşayış binasına ziyan dəyib. Xilasedicilər ərazidə işləyirlər” – Kiyev Şəhər Hərbi Administrasiyasının bəyanatında deyilir.
Kiyevin meri Vitali Kliçko Svyatoşin rayonunda iki nəfərin yaralandığı barədə məlumat verib.
Rusiyanın döyüş dronları gecə Xarkova da hücum ediblər. Şəhərdə partlayış səsləri eşidilib.
Xarkov Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun verdiyi məlumat üzrə, Xarkova “Shahed” tipli pilotsuz uçuş aparatları ilə üç zərbə endirilib, onlardan ikisi Nemişlyanski rayonunda baş verib. O, Rusiyanın hücumu nəticəsində bir nəfərin yaralandığını bildirib.