Rusiya Avropa İttifaqının 18 diplomatını persona non-qrata elan etdi, Avropa İttifaqı Rusiyanın bu hərəkətini pislədi
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, 19 Rusiyalı diplomatın Avropa İttifaqından qovulmasına cavab olaraq, 18 Avropalı diplomatın persona non-qrata elan edilməsi barədə qərar qəbul etdilər. Müvafiq nota Avropa İttifaqının Rusiyadakı səfiri, Markus Ederrerə təqdim edildi.
“Rusiya tərəfi, onilliklər boyu yaradılan dialoq və əməkdaşlıq arxitekturasının ardıcıl dağılmasına görə Avropa İttofaqına məsuliyyət daşıdır”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Avropa İttifaqı öz növbəsində Rusiyanın bu addımını pislədi və bunu əsassız qərar adlandırdı.
“Avropa İttifaqı Rusiya Federasiyasının Avropa İttifaqının Rusiya Federasiyasındakı Nümayəndəliyinin 18 üzvünün ölkədən qovulması ilə bağlı əsassız qərarını pisləyir. Avropa İttifaqının bu diplomatları Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına uyğun olaraq öz funksiyalarını ona tam hörmətlə yerinə yetirirlər”, – Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə mətbuat katibi, Peter Stano bəyan etdi.
Stanonun bəyan etdiyinə görə, Rusiyanın bu addımı onun beynəlxalq təcridini daha da dərinləşdirəcək.