Rusiya Əfqanıstanda "Taliban"ın idarəçiliyini rəsmən tanıyan dünyada ilk ölkə oldu
Rusiya Əfqanıstanda "Taliban"ın idarəçiliyini rəsmən tanıyan dünyada ilk ölkə oldu

 

Rusiya Əfqanıstanda “Taliban”ın idarəçiliyini rəsmən tanıyan dünyada ilk ölkə oldu.

“Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyir” – ölkənin xarici işlər nazirliyindən rus mediasına deyiblər.

Rus mediası yazır ki, 2021-ci ilin avqustunda Əfqanıstan üzərində nəzarəti və İslam Əmirliyini bərpa edən ikinci “Taliban” rejimindən söz gedir.

Bundan əvvəl Əfqanıstanın Rusiyadakı yeni səfiri Movlavi Gul Hasanın Moskvaya gəldiyi və tezliklə öz vəzifəsinin icrasına başlayacağı məlum olub. Əfqanıstanın xarici işlər naziri Amir Xan Mutaki bu qərarı “cəsarətli” adlandırıb.

Movlavi Gul Hasan “Taliban” hərəkatı hakimiyyətdə olarkən Rusiyaya təyin olunan ilk səfir oldu.

2001-ci ildə Amerika Birləşmiş Ştatları Əfqanıstanı işğal edənə qədər “Taliban” ölkənin əksər hissəsinə nəzarət edirdi. 1990-cı illərdə Əfqanıstandakı “Taliban” rejimi üç ölkə: Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən tanınıb. Bu ölkələr “Taliban”la diplomatik əlaqələr qurub və onların hökumətini tanıyıblar.