Rus hərbçilər Ukraynaya 145 dronla hücum ediblər, yaralananlar var

11:30, 10.04.2025

 

 

Rusiya gecə 145 dronla Ukraynaya hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, 85 pilotsuz uçuş aparatı məhv edilib.

Dronlarla hücum nəticəsində Ukraynanın 6 bölgəsi zərər görüb, yaralananlar var.

Belə ki, rus dronlarının parçalarının düşməsi nəticəsində Nikolaevdə 10 nəfər xəsarət alıb. Şəhərdə çoxmərtəbəli yaşayış binalarına, inzibati binaya, onlarla qaraj və avtomobilə ziyan dəyib.

Nikolaev vilayət administrasiyasının rəhbəri Vitali Kimin verdiyi məlumat üzrə, yaralılardan ikisi orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Kiyev Şəhər Administrasiyasının məlumatına əsasən, 30 dronla Kiyevə hücum edilib, Hərbi Hava Qüvvələri onlardan 16-sını məhv edib, qalanları isə Ukrayna paytaxtının hava məkanından çıxıb və ya yeri itib.

Dronların fraqmentlərinin düşməsi səbəbilə Kiyevdə şəxsi ev dağılıb, iki nəfər xəsarət alıb, anbar obyektinin ərazisində yanğın baş verib.

Həmçinin, Donetsk, Xarkov, Xmelnitski və Poltava vilayətləri rus pilotsuz uçuş aparatlarının hücumlarının hədəfinə çevrilib.

Oxşar