Rus dronları tərəfindən Polşanın hava məkanının pozulmasına görə, Polşa NATO Nizamnaməsinin müttəfiqlərlə məsləhətləşmələrin aparılmasını nəzərdə tutan 4-cü maddəsini aktivləşdirəcək
Rus dronları tərəfindən Polşanın hava məkanının pozulmasına görə, Polşa NATO Nizamnaməsinin müttəfiqlərlə məsləhətləşmələrin aparılmasını nəzərdə tutan 4-cü maddəsini aktivləşdirəcək

 

Rus dronları tərəfindən Polşanın hava məkanının pozulmasına görə, Polşa hakimiyyəti NATO Nizamnaməsinin müttəfiqlərlə məsləhətləşmələrin aparılmasını nəzərdə tutan 4-cü maddəsini aktivləşdirəcək.

Polşanın Baş naziri Donald Tusk bu barədə hökumətin iclası başlamazdan əvvəl deyib. O, NATO-nun 4-cü maddəsinin işə salınması məsələsini ölkənin prezidenti Karol Navrotski ilə razılaşdırdığını deyib.

Tuskun qeyd etdiyi kimi, Polşanın müharibə vəziyyətində olduğunu söyləmək üçün heç bir əsas yoxdur, lakin vəziyyət əvvəlki hallara nisbətən əhəmiyyətli dərəcədə təhlükəlidir. O, hərbi münaqişənin İkinci Dünya Müharibəsindən sonra heç vaxt olmadığı qədər yaxın olduğunu bildirib.

Məlumat üçün bildirək ki, NATO Nizamnaməsinin 4-cü maddəsi nəzərdə tutur: “Müttəfiqlər birgə məsləhətləşmələr aparırlar, əgər onlardan hər hansı birinin fikrincə, NATO-ya üzv ölkənin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhlükə yaranıb”.

NATO yaradılandan bu günə qədər Alyansın Nizamnaməsinin 4-cü maddəsi ümumilikdə 7 dəfə işə salınıb. Sonuncu dəfə bu, 2022-ci ildə Rusiya Ukraynanı işğal edəndə baş verib.

Məlumat üçün bildirək ki, sentyabrın 10-da gecə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu zamanı bir neçə dron Polşanın hava məkanını pozub və onlar vurulub. Bununla yanaşı, “Reuters” agentliyinin məlumatına əsasən, NATO dronların Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirmir.